ELM VƏ TƏHSİL


Xüsusi qabiliyyət tələb edən ixtisaslara  elektron qeydiyyat başlanıb

Bakı, 8 iyul, AZƏRTAC

2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, abituriyentlər bu qurumun saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olunmaq üçün cari ilin məzunlarının buraxılış (əvvəlki illərin məzunları üçün iyulun 5-də qəbul imtahanı, I ixtisas qrup üçün mayın 7-də keçirilən və iyulun 22-də təşkil olunacaq qəbul imtahanı) imtahanında topladığı balları DİM tərəfindən müəyyənləşdirilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qeydiyyatdan keçdikdən sonra qabiliyyət imtahanlarında iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən memarlıq və V qrup ixtisasları, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat iyulun 8-dən 18-dək aparılacaq. Qeydiyyatdan keçən zaman abituriyentlər (40 və 77-ci komissiyalar üzrə iyulun 22-də qəbul imtahanı verəcək abituriyentlər istisna olmaqla) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. 40 və 77-ci komissiyalar üzrə qeydiyyatdan keçib iyulun 22-də qəbul imtahanı verəcək abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra çap edə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının 2017-ci ildə nəşr edilmiş ikinci nömrəsində verilib. Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən memarlıq , V ixtisas qrupu (Bakı Musiqi Akademiyasının ixtisasları istisna olmaqla) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları iyulun 25-dən avqustun 3-dək keçiriləcək. Bakı Musiqi Akademiyasının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları iyulun 19-dan 26-dək təşkil ediləcək. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.