REGİONLAR
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci
Ağcabədi, 16 mart, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” və 2 nömrəli uşaq bağçası-körpələr evinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, GTM-nin Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı, Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Təyyar Hacıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Teymur Rəhimov və başqaları çıxış edərək, uşaqları adət-ənənələrimizin yaşadıldığı Novruz bayramı münasibəti ilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və ruzi-bərəkət arzulayıblar.
Kosa və Keçəl uşaqları şənləndirib, onlara sevincli anlar bəxş edib. Folklor qrupunun Novruz adət-ənənələrini əks etdirən çıxışı, uşaqların ifasında təqdim edilən musiqi, səhnəcik və rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Bayram tonqalı ətrafında davam edən Novruz şənliyi uşaqların sevincinə səbəb olub.