DÜNYA
YAPONİYADA SUPERKOMPÜTER İSTİFADƏYƏ VERİLMİŞDİR
Yaponiyada dünyada ən güclü, saniyədə 5 trilyon əməliyyat apara bilən superkompüter istifadəyə verilmişdir. Ultrasürətli maşın “Yer simulyatoru” adlanır və planetdəki qlobal iqlim dəyişmələrini modelləşdirmək üçün nəzərdə tutulmuşdur.
Texnikanın bu möcüzəsi Maarif və Elm Nazirliyinin sifarişi və Kosmik Fəzanın tədqiqi üzrə Milli İdarənin köməyi ilə bir neçə tədqiqat institutu tərəfindən işlənib hazırlanmışdır. Vektor – paralel kompüter sistemi adlanan bu sistem eyni vaxtda əməliyyatlar aparmaq üçün çoxölçülü rəqəmli obyektlərlə - vektorlar və matrisalarla təchiz olunmuşdur. Bu sistem 50x65 metr sahəni tutan 5120 prosessordan ibarətdir və İokaqamada Yer İnstitutunun salonunda qurulmuşdur. “Simulyatorda” yer kürəsinin bütün hava axınlarının hərəkəti modelləşdirilərkən saniyədə 5 trilyon əməliyyat qeydə alınmışdır, lakin onun yaradıcıları bildirirlər ki, sistemin “ən yüksək sürəti” saniyədə 40 trilyona çatır.
Superkompüter əslində planetimizin virtual modelini yaradır. Bu sistem peyklərdən, meteoroloji stansiyalardan və digər müşahidə obyektlərindən alınan çoxsaylı informasiyanı sintez edərək iqlimin istiləşməsi, tektonik tavaların hərəkəti, okean axınlarının mövsüm dəyişmələri, atmosfer çirklənmələri və i.a. kimi qlobal prosesləri sürətlə proqnozlaşdırmağa imkan verir. Sistemin yaradıcıları hesab edirlər ki, o, zəlzələ, vulkan püskürməsi kimi təbii hadisələrdən irəlicədən xəbər tutmağa, ayrı-ayrı ekoloji qəzaların nəticələrini əvvəlcədən müəyyənləşdirməyə və onlardan necə xilas olmaq barədə tövsiyələr verməyə kömək edəcəkdir.
İTAR-TASS-ın məlumatına görə, “Yer simulyatoru”nu 1997-ci ildə yaratmağa başlamışlar. O, Yaponiya hökumətinə 47 milyard iyenə \təxminən 365 milyon dollara\ başa gəlmişdir.