Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

YAPONİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB DZÜNİTİRO KOİDZUMİYƏ

Hörmətli cənab Baş nazir,

Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi və dost Yaponiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ötən dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

1998-ci ilin fevralında Yaponiyaya rəsmi səfərim zamanı keçirdiyim görüşləri, apardığım danışıqları məmnuniyyətlə xatırlayır və razılıq hissi ilə vurğulayıram ki, bu illərdə ölkələrimiz arasında əlaqələr genişlənmişdir və biz bir çox mühüm sahələrdə faydalı əməkdaşlığa nail olmuşuq.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz birgə səylərimiz sayəsində xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin