REGİONLAR
YAP Ağcabədi rayon təşkilatı üzvlərinin 39,6 faizini gənclər təşkil edir
Ağcabədi, 5 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının üzvlərinin 4461 nəfərini və ya 39,6 faizini gənclər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin IV konfransında məlumat verilib.
Konfrans iştirakçıları əvvəlcə Ağcabədi şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nicat Axundovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövrdəki fəaliyyəti ətraflı təhlil edilib, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, təşkilatın Gənclər Birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Vurğulanıb ki, YAP Gənclər Birliyi yarandığı vaxtdan Azərbaycan gəncliyinin savadlı, intellektual, vətənpərvər nümayəndələrini ətrafına toplayaraq, ölkəmizin qazandığı uğurlarda pay sahibi olmağı bacarıb.
Konfransda Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək, ölkədə həyata keçirilən gənclər siyasətindən, gənclərin ictimai-siyasi həyatda rolundan, qarşıda duran vəzifələrdən danışıb, tövsiyələrini bildiriblər.
Sonra təşkilati məsələlərə baxılıb, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin İdarə heyətinin üzvləri və sədri seçilib, respublika konfransına nümayəndələr müəyyənləşdirilib.