REGİONLAR
YAP Gəncə şəhər təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb
Gəncə, 29 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar yığıncaq keçirilib.
Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev hələ bu ilin əvvəlində 2016-cı ilin ölkəmizdə dərin islahatlar ili olduğunu vurğulayıb. Cari ildə bir çox istiqamətlərdə ciddi islahatlar həyata keçirilib, ölkənin iqtisadi, siyasi həyatında yeni mərhələyə qədəm qoyulub.
YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvləri Fuad Əliyev, İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə və başqaları Konstitusiyaya təklif olunan dəyişiklər barədə fikirlərini bölüşüblər.
Sonda YAP Gəncə şəhər təşkilatında 79 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və 7 nəfər “Yeni Azərbaycan” təşəbbüs qrupuna nümayəndə seçilib.