QAN YADDAŞI
YAP Gənclər Birliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə partiyanın Yasamal rayon təşkilatının qərargahında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov tədbirdə çıxış edərək 31 Mart faciəsinin dəhşətlərindən danışıb.
Tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və cinayətlər barədə geniş məruzə ilə çıxış edib. A.İsgəndərov bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı 31 Mart - Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir.
YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, YAP GB təkcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı deyil, bir çox mövzularda tədbir, forum və kampaniyalar təşkil edir. “Azərbaycan xalqı dünyada nadir xalqlardan biridir ki, bir ildə ona qarşı törədilmiş üç böyük soyqırımının ildönümləri ilə bağlı anım mərasimləri təşkil edir. Bu soyqırımı və cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bir çox ölkələrdə tədbirlər, anım günləri, konfranslar keçirilir. Azərbaycan ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlər davam etdirilir”.