CƏMİYYƏT


YAP Gənclər Birliyi ilə beynəlxalq imtahan mərkəzləri arasında memorandum imzalanıb

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) partiyanın üzvü olan gənclərin xarici dil biliklərinə yiyələnməsi və xarici ölkələrdə təhsil ala bilmək imkanlarının genişləndirilməsi məqsədilə beynəlxalq IELTS Test Mərkəzi olan “World Language Center”, həmçinin Almaniyada və İtaliyada təqaüdlə təhsil alma imkanları təklif edən “Edu Support” ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə YAP GB-nin sədri Seymur Orucov əsas məqsədin gənclərin bilik və bacarıqlarını artırmaq, onların xarici dil biliklərini təkmilləşdirmək və xaricdə təhsil almaq istəyində olan gəncləri dəstəkləməkdən ibarət olduğunu deyib. “Memorandumu imzalayan təhsil mərkəzləri YAP-ın üzvü olan tələbələr üçün xüsusi güzəştlər və endirimlər təklif edir. Buna görə də gənclərimiz təhsil imkanlarını rahat şəkildə genişləndirə bilərlər. Elə partiyanın Gənclər Birliyinin də əsas niyyəti sıralarında birləşən gənclər üçün yeni imkanlar axtarmaq və onların arzularını reallaşdırmasına kömək etməkdən ibarətdir”, - deyə S.Orucov bildirib.

Memoranduma əsasən, YAP GB-nin üzvü olan gənclər asanlıqla təqaüd imkanlarından yararlanaraq ABŞ, Kanada, İtaliya və Almaniyanın qabaqcıl universitetlərində təhsil ala, eyni zamanda, bu mərkəzlərdə xüsusi endirimlərlə peşəkar müəllimlərin köməyi ilə ingilis və alman dillərini öyrənə biləcəklər.

Beynəlxalq imtahan mərkəzləri olan “World Language Center” və “Edu Support” gənclərə mütəmadi olaraq, peşəkar heyəti ilə ölkə xaricində universitet və ixtisas seçmək, xaricdəki universitetlərə düzgün müraciət etmək, təqaüd imkanları, viza alınması qaydası, xarici ölkədə bank hesabının açılması, yerləşmə və yataqxana məsələləri ilə bağlı sənədləşməyə dair seminar və təlimlər keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.