SİYASƏT
YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Lənkəran şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə sağlam düşüncəli yeni nəslin yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib. Qeyd edilib ki, gənclər dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, quruculuq prosesinin ön sıralarında gedirlər. Bu mənada YAP-ın Gənclər Birliyi respublikanın gənclər təşkilatlarına nümunə göstərir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə respublikada gənclərə verilən böyük imkanlardan, yaradılmış yüksək şəraitdən və prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Diqqətə çatdırıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.
YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev qeyd edib ki, gənclərin ictimai-siyasi fəallığını daha da artırmaq məqsədi ilə rayonda Heydər Əliyev irsinin təbliğinə həsr olunmuş məşğələlər, ölkəmizdə dövlət gənclər siyasətinin və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə istiqamətləndirilmiş müxtəlif mövzularda dəyirmi masalar, tematik görüşlər, seminar-treninqlər, idman yarışları və digər tədbirlər keçirilib. Gənclərin seçki kampaniyalarında fəal iştirakı təmin olunub. YAP tərəfindən təşkil olunmuş “Yay məktəbi” layihəsi çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların biri-biriləri ilə sıx təmaslar yaratmasında mühüm rol oynayır. Lənkəran gəncləri respublika miqyaslı idman və intelektual yarışlarda aktiv iştirak edirlər.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub. Humanitar Kollec ərazi ilk təşkilatı Gənclər Təşkilatının sədri Nuranə Əliyeva, Lənkəran Dövlət Universiteti ərazi ilk təşkilatı Gənclər Təşkilatının sədri Emin Həmidli, YAP Lənkəran Gənclər Birliyi İdarə Heyətinin üzvü Ramin Höccətov çıxış edərək rayon Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Yalçın Əliyev yenidən YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri, 23 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə Heyətinin üzvləri və YAP Gənclər Birliyinin növbəti qurultayına nümayəndələr seçilib.
Konfransın işində iştirak edən YAP mərkəzi aparatının məsul işçisi Məcid Əhmədov çıxış edərək yeni seçilmiş nümayəndələrə uğurlar arzulayıb.