REGİONLAR


YAP Naxçıvan şəhər təşkilatı sıralarında 16 mindən çox üzvü birləşdirir

A+ A

Naxçıvan, 28 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhər təşkilatı sıralarında 150 ərazi ilk təşkilatı üzrə 16 min 78 nəfər üzvü birləşdirir. Onun 8 min 355 nəfərini, yaxud 52 faizini qadınlar, 9 min 85 nəfərini, yaxud 56,5 faizini gənclər təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 28-də YAP Naxçıvan şəhər təşkilatının Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən XI konfransında məlumat verilib.

Konfransda YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi bildirib ki, YAP Naxçıvan şəhər təşkilatı hesabat dövründə ölkəmizin və muxtar respublikamızın ümumi inkişaf tempi ilə uyğunlaşmağa çalışıb, öz işində partiyanın nizamnamə və proqram tələblərinin, qurultayların, Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslarının, partiya rəhbərliyinin qərarlarının, sərəncamlarının və tapşırıqlarının həyata keçirilməsi istiqamətində ciddi səy göstərib. Hesabat dövründə partiya sıralarına 1665 nəfər üzv qəbul edilib. Onların da 1292 nəfərini, yaxud 77,6 faizini gənclər, 1137 nəfərini, yaxud 68,2 faizini qadınlar təşkil edir. Ərazi ilk partiya təşkilatı sədrlərindən 60 nəfərini qadınlar, 68 nəfərini gənclər təşkil edir. Hesabat dövründə ilk təşkilat sədrlərinin ümumi tərkibində qadınların sayı 28 faizdən 40 faizə, gənclərin sayı 22,5 faizdən 45,3 faizədək artıb.

“Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin göstərişi ilə ilk təşkilatların nizamnamə tələblərinə uyğun ərazi sistemi üzrə yenidən təşkili ilə bağlı aparılan ciddi iş partiya fəaliyyətinin daha da təkmilləşdirilməsinə, partiyadaxili işin operativliyinin təmin olunmasına, təşkilatdaxili pərakəndəliyin aradan qaldırılmasına əsaslı təsir göstərib. Həm şəhər təşkilatının rəhbər strukturlarının, həm də ilk təşkilatların siyasi məsuliyyətinin və partiyada siyasi kadrların hazırlanması işində səmərəliliyin artırılmasına səbəb olub”, – deyən Elman Cəfərli vurğulayıb ki, nəticədə konfransqabağı hesabat-seçki yığıncaqlarının keçirilməsi kampaniyası zamanı ilk partiya təşkilatlarının yenidən təşkili ilə YAP Naxçıvan şəhər təşkilatının əhatə etdiyi ilk təşkilatların sayı 187-dən 150-yə enib, siyasi işin keyfiyyət səviyyəsi yüksəlib. Bu gün muxtar respublikamızın əsas siyasi və elmi potensialı partiyanın Naxçıvan şəhər təşkilatının sıralarında cəmləşib. Təşkilat üzvlərindən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Üzvlərdən 2 nəfəri akademik, 6 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri elmlər doktoru, 159 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktorlarıdır.

Sonra YAP Naxçıvan şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı və YAP Naxçıvan şəhər təşkilatının XI konfransının mandat komissiyasının məruzəsi dinlənilib.

YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayevanın, təşkilatın Gənclər Birliyinin sədri Cəbi Quliyevin, Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyevin məruzələr ətrafında çıxışları olub.

Naxçıvan şəhər təşkilatı İdarə heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək partiyanın keçdiyi tarixi yoldan, Naxçıvan şəhər təşkilatının uğurlu fəaliyyətindən, şəhərdə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, partiyanın Naxçıvan şəhər təşkilatı muxtar respublikanın paytaxtının ictimai-siyasi həyatında yaxından iştirak edir. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin və bu siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirən Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə görülən işlər partiya təşkilatının cəmiyyətdəki mövqeyini sarsılmaz edir. Sürətli sosial-iqtisadi artımın nəticəsini öz real həyatında hiss edən Naxçıvan şəhər sakinlərinin də partiyaya inamının əsas səbəbi bu siyasətin uğurlarıdır.

Anar İbrahimov YAP Naxçıvan şəhər təşkilatının yeni seçiləcək heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Naxçıvan şəhər təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Uğurlu fəaliyyəti nəzərə alınaraq Elman Cəfərli yenidən Naxçıvan şəhər təşkilatının sədri seçilib.

Daha sonra YAP Naxçıvan şəhər təşkilatı şəhər şurasının üzvləri seçilib və onların sayı 23 nəfərdən 29 nəfərədək artırılıb.

Partiyanın Naxçıvan şəhər təşkilatı nəzarət-təftiş qrupunun 5 nəfərdən ibarət tərkibi, Qadınlar Şurasının və Gənclər Birliyinin hər birinin 11 nəfərdən ibarət üzvü seçilib.

YAP Naxçıvan şəhər təşkilatı şurasının iclası keçirilib, idarə heyətinin üzvləri və şəhər təşkilatının sədr müavini, Qadınlar Şurasının və Gənclər Birliyinin iclaslarında isə sədr və sədr müavinləri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.