SİYASƏT
YAP Nizami rayon təşkilatının birinci yarımildəki fəaliyyəti müzakirə edilib
Bakı, 15 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Şurasının iclası keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 1992-ci ildə respublikamızın bütün sahələrdə dərin tənəzzülə uğradığı bir dövrdə Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, YAP ağır dövrdə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Qısa vaxtda xalqın etimadını qazanan partiya böyük siyasi qüvvəyə çevrildi. Çətin sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş YAP bu gün cəmiyyətdə özünəməxsus aparıcı yer tutub.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Nizami rayon təşkilatı sədrinin müavini Gülnaz İsrafilova qeyd edib ki, YAP ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə siyasi-ideoloji fəaliyyətini genişləndirir, siyasi-ictimai sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək fəallıq nümayiş etdirərək vətəndaşların partiyaya və dövlətçiliyə münasibətlərinin ifadəçisinə çevrilib.
Sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov təşkilatın 2016-cı ilin birinci yarısındakı fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, hesabat dövründə 30-a yaxın tədbir keçirilib. Hazırda təşkilatın üzvlərin sayı 11 min 779 nəfərdir. Bu dövrdə yeni ərazi ilk partiya təşkilatları yaradılıb.
Sonra məruzə ətrafında çıxışlar olub, təşkilatın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonda 60 illik yubileyi və ictimai-siyasi fəaliyyətinə görə təşkilatın idarə heyətinin üzvləri fəxri fərmanla təltif edilib, partiyaya yeni qəbul olunmuş üzvlərə isə vəsiqələr təqdim olunub.