REGİONLAR
YAP Qadınlar Şurasının üzvləri Mingəçevirdə şəhid ailəsi ilə görüşüblər
Mingəçevir, 6 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Mingəçevir şəhər təşkilatının üzvləri Vətən uğrunda şəhid olan əsgər Fərid Ağayevin ailə üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhərdəki Şəhidlər xiyabanına gələn partiya üzvləri torpaqlarımız uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Sonra YAP Qadınlar Şurasının Mingəçevir şəhər təşkilatının üzvləri bu il fevralın 5-də erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan əsgər Fərid Ağayevin evinə baş çəkiblər.
Görüşdə şəhidin valideynləri Fərid haqqında xatirələrini bölüşüblər. Bildirilib ki, Fərid Ağayev oxuduğu orta məktəbdə dərs əlaçısı olub. Amma o, ali məktəbdən öncə hərbi xidmətə getməyi üstün tutub və təhsilini əsgərlikdən sonra davam etdirməyi düşünürdü. Fərid Vətənini çox sevirdi və torpaqlarımızın azad edilməsi üçün əlindən gələn hər şeyi etməyə hazır idi.
Qadınlar Şurasının üzvləri şəhidin valideynlərinə təskinlik verərək diqqətə çatdırıblar ki, Fərid kimi igid oğlanları olan Vətən torpağı heç vaxt tapdaq altında qalmaz. Gec-tez torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaq.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.