SİYASƏT
YAP ŞƏHƏR TƏŞKİLATININ 10 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
Sumqayıtda Yeni Azərbaycan Partiyası şəhər təşkilatının yaradılmasının 10 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.
Konfrans iştirakçıları şəhər partiya təşkilatının yaradıcıları akademik Əsgər Abdullayevin, həkim İzzət Sadıqovun, jurnalist İldırım Qasımlının və memar Süleyman Hacıyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Sumqayıt təşkilatının sədri, Milli Məclisin deputatı Xıdır Aloğlu konfransı açaraq, ilk regional qurumlardan olan bu təşkilatın təşəkkülü və inkişafı barədə məlumat vermişdir. 10 il ərzində təşkilatın sıraları xeyli artmışdır və indi 13 mindən artıq üzvü birləşdirir. AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev sonuncu qurultayda Partiya sədrinin birinci müavini seçiləndən sonra gənclərin təşkilata axını xeyli artmışdır. İndi onlar Sumqayıt təşkilatı üzvlərinin 37 faizini təşkil edir.
Şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov və başqaları öz həmfikirlərini təbrik edərək, partiyanın yaradıcısı, olduqca mürəkkəb bir dövrdə vətənpərvər insanları öz ətrafında cəmləşdirib Azərbaycanın dirçəldilməsi kimi məsul tarixi vəzifəni üzərinə götürən partiya yaratmağa nail olmuş görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin mühüm rolunu vurğulamışlar.
Konfransda xüsusi fərqlənmiş partiya üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.