RƏSMİ XRONİKA


YAP Salyan rayon təşkilatı fəaliyyətini yeni inzibati binada davam etdirəcək  [YENİLƏNİB] VİDEO

A+ A

Salyan, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ölkənin hər yerində olduğu kimi, Salyanda da bu partiyanın sıraları getdikcə genişlənir. İndi Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının 7418 nəfər üzvü vardır ki, onların 3314-ü qadınlar və 3150-si gənclərdir.

Partiya üzvlərinin fəaliyyətinin daha səmərəli təşkili üçün 2014-cü ilin martında təşkilatın yeni inzibati binasının tikintisinə başlanıb və bu ilin avqust ayında başa çatdırılıb. Binanın tikintialtı sahəsi 308 kvadratmetr, ümumi sahəsi isə 616 kvadratmetrdir.

Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Ulu Öndərin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu mərtəbədəki 105 yerlik iclas zalında təşkilatın tədbirlərinin, həmçinin rayon səviyyəli yığıncaqların keçirilməsi üçün hər cür şərait yaradılıb. Binanın ikinci mərtəbəsi isə müxtəlif təyinatlı otaqlardan ibarətdir.

Yeni bina müasir avadanlıq, ədəbiyyat və təbliğat-təşviqat vasitələri ilə təchiz olunub.

Prezident İlham Əliyev təşkilatın üzvlərinə uğurlar arzuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır