CƏMİYYƏT
YAP Səbail rayon “Əmək normaçıları” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XI konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, növbəti hesabat-seçki yığıncağı YAP Səbail rayon “Əmək normaçıları” ərazi ilk partiya təşkilatında keçirilib.
Ərazi ilk partiya təşkilatının sədri Telman Məhəmmədov hesabat məruzəsi ilə çıxış edərək bu qurumda çalışan 90 əməkdaşdan 58-nin YAP-ın üzvü olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Əmək normaçıları” ilk təşkilatının üzvləri ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir, rayon və respublika səviyyəli tədbirlərdə təmsil olunur, Prezident, Milli Məclis, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyalarında xüsusi fəallıqları ilə seçilirlər.
Təşkilatın üzvü Qasım Qasımov, gənclər adından çıxış edən Kərim Qocayev böyük siyasi qüvvə olan YAP-ın xalqın istəyi, dəstəyi ilə yaranmış partiya olduğunu qeyd ediblər. Bildirilib ki, mərkəz-sağçı partiya olan YAP nəinki respublikada, regionda belə ən mütəşəkkil siyasi qüvvədir.
Yığıncaqda ilk partiya təşkilatının idarə heyətinin yeni üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev tədbirdə çıxış edərək bildirib ki, bu gün YAP istər ölkəmizdə, istərsə də bütün Zaqafqaziyada ən güclü siyasi qüvvədir. Bu gün YAP-ın bu səviyyədə inkişafı məhz böyük siyasət ustadı, dahi şəxsiyyət Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycanın müttəfiq respublikaları sırasında bütün sosial-iqtisadi göstəricilərə görə geridə qalan respublika olduğunu qeyd edən M.Nağıyev diqqətə çatdırdı ki, Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu illərdə ölkədə ciddi islahatlar həyata keçirdi, Azərbaycanı dünyaya tanıtdı, respublikamızı parçalanmaq təhlükəsindən xilas etdi və ölkəmizi bundan sonra da parlaq gələcəyə apara biləcək praqmatik liderə - İlham Əliyevə etibar etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, xüsusilə ordu quruculuğu sahəsində görülən işlərdən geniş bəhs edən sədr müavini əminliyini ifadə edib ki, Azərbaycan bundan sonra da parlaq qələbələrə, böyük uğurlara imza atacaq. Bunun üçün hər birimiz fəal olmalı və xalqımızın etibarlı gələcəyi üçün ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi, xalq-iqtidar-ordu birliyini bundan sonra da qorumalıyıq.