SİYASƏT


YAP Səbail rayon təşkilatında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolu, çoxşaxəli siyasi fəaliyyətinə həsr edilən film nümayiş olunub.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin vəfatından 13 il ötsə də, onun əbədiyaşar xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq. Dahi rəhbər doğma Vətəni və xalqı üçün gördüyü işlərlə Azərbaycanın rəmzinə çevrilib.

Azərbaycanın qədim və zəngin dövlətçilik tarixində Ümummilli Liderimizin özünəməxsus yeri olduğunu diqqətə çatdıran Ş.Hacıyev deyib ki, Ulu Öndərin doğum günü və anım günləri Azərbaycanın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də geniş qeyd olunur, xatirəsi dərin ehtiramla anılır. Bildirilib ki, öz həyatını xalqının rifahına, ölkəsinin inkişafına həsr edən ulu öndər Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi sayəsində keçmiş SSRİ kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlib. Ümummilli Lider Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı keçmiş SSRİ-də geridə qalmış aqrar ölkədən ən qabaqcıl yerlərə çıxardı. Dahi rəhbər hələ sovet dövründə ölkəmizin idarə olunmasında azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırırdı.

Azərbaycanın müstəqilliyin əvvəllərində bütün sahələrdə tənəzzüllə, bölünmə təhlükəsi ilə üzləşdiyini diqqətə çatdıran professor ulu öndər Heydər Əliyevin xalqımızı bu bəlalardan xilas edərək dinamik inkişaf yoluna çıxarması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Şairə-publisist Minayə Əliyeva ulu öndər Heydər Əliyev dühasının, Ümummilli Liderin zəngin siyasi irsinin illər ötdükcə daha dərindən qavranıldığını qeyd edib. Əbədiyaşar liderin “Qürur hissi keçirirəm ki, o ağır illərdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına xalqla, millətlə birlikdə, bütün ölkə ilə birlikdə nail ola bilmişəm. Bu, mənim gördüyüm ən böyük işlərdəndir”, - sözlərini diqqətə çatdıran M.Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək dünyanın ən böyük və nüfuzlu dövlətləri ilə eyni sırada yer alıb. O, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək dahi şəxsiyyətə həsr etdiyi şeirləri səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.