SİYASƏT


YAP Səbail rayon təşkilatının yaranmasının 24-cü ildönümü qeyd olunub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılması haqqında məlumat verib, onun təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın yaradılmasının bir tarixi zərurət kimi meydana çıxdığını deyən M.Nağıyev qeyd edib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar Ümummilli Liderə müraciət ünvanladılar. 1992-ci il noyabrın 21-də YAP-ın Naxçıvanda təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.

Muxtar Nağıyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb. Bildirib ki, bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, Yeni Azərbaycan Partiyası 24 ildir öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmağındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov çıxış edərək dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait var.

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov, Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova, “91-lər”in nümayəndəsi Hacan Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərdən danışıblar. Onlar, həmçinin partiyanın keçdiyi inkişaf yolu, eləcə də YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün YAP Səbail rayon təşkilatı partiyanın avanqard qüvvələrindən biri kimi yüksək fəallığı ilə seçilir.

Sonda YAP sıralarına yeni üzv olmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.