REGİONLAR
YAP Şəmkir rayon təşkilatı referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirib
Şəmkir, 29 iyul, Famil Quliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Konstitusiyaya təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verərək, bu dəyişikliklərin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, ölkəmiz inkişaf etdikcə Konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin olunması zərurəti yaranır.
F.Vəliyev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verib.
YAP Şəmkir rayon təşkilatı İdarə heyətinin üzvü Abdulla Rzayev, YAP Şəmkir rayon təşkilatı İdarə heyətinin üzvü Vüqar Alıyev və başqaları bildiriblər ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edir. Əminliklə vurğulanıb ki, "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.
Çıxışlardan sonra 63 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib.