QAN YADDAŞI
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən Baş nazirin müavini qeyd edib ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib.
Əli Əhmədov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Baş nazirin müavini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə böyük rolunun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.
YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanın bu sahədə müdafiə deyil, hücum xarakterli mübarizə üsulu seçməyə haqqı var. Çünki beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu bu məsələdə hələ də konkret tədbirlər görmür. Bu təşkilatlar ya birdəfəlik üzərlərinə götürdükləri missiyanın öhdəsindən gəlib Dağlıq Qarabağ münaqişəsini həll etməli, işğalçı Ermənistanın əməllərinə qiymət verməli, ya da bacarıqsızlıqlarını etiraf edib geri çəkilməlidirlər. O zaman Azərbaycan öz torpaqlarının geri qaytarılmasının öhdəsindən gələcək. Çünki ölkəmiz buna qadirdir.
B.Muradova bildirib ki, Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, bu faciə hələ də unudulmayıb və bütün dünyada tanıdılması üçün işlər ən yüksək səviyyədə aparılır və nəticələr göz qabağındadır. Yeni Azərbaycan Partiyası bu faciənin tanıdılması istiqamətində öz səylərini davam etdirir.
YAP Xətai rayon təşkilatının sədri, parlamentin deputatı Hüseynbala Mirələmov, YAP Xocalı rayon təşkilatının sədri Arif Əliyev və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Nəbi Hacıyev çıxış edərək Xocalı soyqırımının səbəb və nəticələri, bu faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində atılmış addımlardan bəhs ediblər. Bildirilib ki, bu qətliam təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı ilə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.