SİYASƏT
YAP Xəzər rayon təşkilatına sədr seçkiləri keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatına sədr seçkiləri keçirilib. Təşkilatın 10-cu konfransı çərçivəsində keçirilən seçkidə YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yenidən sədr seçilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan N.Əhmədov Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb, partiyanın keçdiyi tarixi inkişaf yoldan bəhs edib. Diqqətə çatdırıb ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb. Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycanın müstəqilliyinin itirilməyə doğru getdiyini görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçildi. Beləliklə də müstəqil Azərbaycanın yeniliyə açıq, xalqın partiyası-Yeni Azərbaycan Partiyası yarandı. Bu gün Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 600 mindən çox insanı toplaya bilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının kökündə yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Rauf Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışlarında bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixin əsası qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiq edərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacardı. YAP möhkəm təməl üzərində, ulu öndər Heydər Əliyev ideyaları ilə qurulub. Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevrilib.
Partiyanın gənclər siyasəti barədə danışan çıxışçılar qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə bu sahənin inkişafı üçün bütün imkanları yaradıb. Bu gün YAP Gənclər Birliyinin sıraları daha da genişlənib və qurum daha da güclənib.