CƏMİYYƏT
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının toplantısı keçirilib
Bakı, 26 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının toplantısı keçirilib.
Ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü, İnstitutun direktoru Fəxrəddin İsmayılov toplantının tariximizin əlamətdar hadisələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə təsadüf etdiyini deyib.
Gündəlikdə duran məsələlər elan edildikdən sonra
ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov hesabat dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda təşkilatın 349 nəfər üzvü var. Üzv olmaq üçün müraciət edənlərin sayı artır.
YAP Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov çıxışında Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərək, bu uğurların təməlində düzgün qurulan siyasətin dayandığını bildirib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin üzləşdiyi çətinliklərdən, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf proseslərindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasətinin son 11 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda Azərbaycan ən yüksək zirvələri fəth edir, böyük uğurları ilə beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
V.Rəhimzadə əldə edilən uğurlarda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb.
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlər qənaətbəxş hesab olunub.
Sonra təşkilati məsələlərə baxılıb, 17 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqlənib. Xıdır İbrahimov yenidən YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri, Knyaz İbrahimov sədr müavini seçilib. Həmçinin YAP Yasamal rayon təşkilatının X konfransına 9 nümayəndə seçilib.