REGİONLAR
YAP Yevlax rayon təşkilatında dövlət müstəqilliyi günü qeyd olunub
Yevlax, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz və əbədi xarakter aldı, respublikamız sürətli inkişaf yoluna qədəm qoydu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında 18 Oktyabr - Dövlət Müstəqilliyi gününə həsr olunan tədbirdə səsləndirilib.
Təşkilatın aparat rəhbəri Əli Quliyev çıxış edərək, 1990-cı illərin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Tədbirdə Yevlax şəhər mədəniyyət və turizm idarəsinin əməkdaşı Rafiq Məmmədovun “Azərbaycan müstəqillik illərində” mövzusunda məruzəsi dinlənilib. Məruzə və çıxışlarda müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.
Sonda Azərbaycan Respublikasının müstəqillik illərini əks etdirən sənədli film nümayiş etdirilib, iştirakçılara bukletlər paylanılıb.