REGİONLAR


YAP böyük güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur

Bakı, 30 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının IX konfransı keçirilib.

Rayon Mədəniyyət Evində dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda, regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həlli, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.

E.Qəmbərov qeyd edib ki, YAP Lerik rayon təşkilatı konfranslararası dövrdə fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib: “Hesabat dövründə ilk təşkilatların sayı 53-dən 59-a çatıb. Hazırda YAP rayon təşkilatı 59 ərazi ilk partiya təşkilatında 4000 nəfərə yaxın partiya üzvünü özündə birləşdirir. Hesabat dövründə partiya sıralarına 471 nəfər qəbul olunub ki, bunların da 42 faizini gənclər təşkil edir. Konfranslararası müddətdə qəbul olunanların 43 faizini isə qadınlar təşkil edir. Əvvəlki illərdə bu rəqəm 19-21 faiz təşkil edirdi. Lerik qadınlarının siyasi fəallığı günbəgün artmaqdadır. Qadınların rayonun ictimai-siyasi həyatındakı fəaliyyətində, onların vəzifələrə irəli çəkilməsində dönüş yaradılıb. Orta məktəbləri bitirmiş gənc qızların ali məktəblərdə təhsil almaları artıq yüksək faiz təşkil edir. Prezident təqaüdü və əlaçılığa görə təqaüdlərlə oxuyan tələbə qızlarımızın sayı da ilbəil artmaqdadır. Pedaqoji universitetlərdə, musiqi təhsili verən ali məktəblərdə, ixtisaslı tibb kadrları hazırlayan texnikumlarda lerikli qızların sayı ilbəil artır. Erkən nikahlara yol verməmək üçün izahat işləri genişləndirilir. Ali məktəblərə daxil olan tələbələrlə görüşlər artıq bir ənənəyə çevrilib. YAP rayon təşkilatında gənclərin irəli çəkilməsinə, onların fəaliyyətindən səmərəli istifadə edilməsinə diqqət yetirilir”.

Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın çətin dövrdə yarandığını, həmin vaxt Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciət etdiyini bildirərək deyib: “Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla Azərbaycanın xilas edilməsi mərhələsi başlandı. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində növbəti mühüm tarixi hadisə oldu. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, güclənir. Sevindirici haldır ki, bu uğurlu və xilaskar siyasət dahi liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətindən, yaranma zərurətindən, keçdiyi inkişaf yolundan söz açıb: “Məlum olduğu kimi, Azərbaycan 1992-ci ildə çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə daxili çəkişmələr Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini ciddi təhlükə qarşısında qoymuşdu. Bunu görən ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razı olduğunu bildirdi. Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra iqtidar partiyasına çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı”.

Vüqar Rəhimzadə qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi: “Respublikanın şəhər və rayonlarından çoxsaylı nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın insan birləşir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcək”.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Cəlil Baxşıyev YAP Lerik rayon təşkilatının yeni sədri, həmçinin yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.