CƏMİYYƏT
YAP-dan bələdiyyə üzvlüyünə namizədlərlə növbəti görüş keçirilib
Bakı, 19 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Dekabrın 19-da Yeni Azərbaycan Partiyasından Səbail və Badamdar bələdiyyələrinə üzvlüyə namizədlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev respublikamızın bugünkü inkişafında, beynəlxalq nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirmək istiqamətində gərgin fəaliyyətindən söhbət açıb.
M.Nağıyev qeyd edib ki, dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib.
Qeyd olunub ki, YAP-dan Səbail rayonu ərazisində üç dairə (Səbail, Badamdar, Bibiheybət) üzrə 41 nəfər namizədliyini irəli sürüb. Onlardan 15-i qadın, 22-si gəncdir.
YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində rolu, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün Prezidentin imzaladığı sərəncamların əhəmiyyəti, eləcə də ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələr haqqında danışıb. Həmçinin bu təsisatın vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduğunu qeyd edib.
Bələdiyyə üzvlüyünə namizədlərdən Həsən Əsgərov, Mehriban Paşayeva, Həbib Paşayev, Aytən Cəfərova, Aliyə Təhmasib, Qurban Abbasov və digərləri bələdiyyə üzvü seçiləcəkləri təqdirdə partiyanın məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün səylə çalışacaqlarını bildiriblər.