REGİONLAR
YAP gəncliyimiz üçün perspektivli fəaliyyət platforması yaradan yeganə siyasi təşkilatdır
Ağdaş, 22 noyabr, AZƏRTAC
Ağdaş rayonunda “Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyi üçün perspektivli fəaliyyət platforması yaradan yeganə siyasi təşkilatdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edənlər ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranma tarixindən, 22 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı xidmətlərindən danışıblar. Bu gün Prezident, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər sahədə dinamik inkişafa nail olunduğu bildirilib və bu inkişafda gənclərin də rolunun olduğu qeyd edilib.
Tədbirdə “Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər dövlətçiliyə sadiqdirlər”, “Azərbaycan gəncliyi və müasirlik”, “Gənclər Yeni Azərbaycan Partiyasının güclü dayaqlarından biridir” mövzusunda məruzələr dinlənilib.
x x x
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Gənclər Birliyi də partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir təşkil edib.
Tədbirdə çıxış edənlər deyiblər ki, YAP aparıcı siyasi partiya kimi fəaliyyət göstərdiyi 22 il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldib. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bugünkü və gələcək uğurlu taleyini müəyyən edib.
Qeyd edilib ki, 1992-ci ilin dekabrında təsis olunan YAP Göyçay rayon təşkilatının sıralarında əvvəllər 540 nəfər partiya üzvü var idisə, indi rayonda 88 ilk partiya təşkilatında 8 minə yaxın siyasi həmfikir birləşir.