SİYASƏT
YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi
Bakı, 22 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının ümumi yığıncağı keçirilib.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov yığıncaqda çıxış edərək ölkəmizdə son illərdə əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu uğurlarda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının xidmətləri böyükdür. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Hazırda partiyanın sıralarında 670 mindən artıq üzvün birləşməsi böyük göstəricidir.
YAP Yasamal rayon SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov gündəliyə uyğun olaraq ölkəmizin bugünkü inkişafından və bu inkişafa Yeni Azərbaycan Partiyasının töhfələrindən bəhs etdi. Diqqətə çatdırıldı ki, bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilməsi Azərbaycanın hər sahədə qazandığı uğurların, beynəlxalq nüfuzunun göstəricisidir. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Formula-1 yarışı ölkəmizin malik olduğu imkanları bir daha dünyaya təqdim etdi.
Sonra partiya sıralarına qəbul üçün müraciət edənlərin ərizələrinə baxıldı, yeni üzvlərə vəsiqələr təqdim olundu. Vəsiqələri “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təqdim edərək, yeni üzvlərə uğurlar arzuladılar.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında Azərbaycanın gündən-günə möhkəmlənən mövqeyindən bəhs etdi. Bildirdi ki, iqtisadi imkanlarını artıran Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu böyükdür. Bu gün ölkəmizin ev sahibliyi etdiyi önəmli beynəlxalq tədbirlər də bu kimi məqamlara işıq salır.