MƏDƏNİYYƏT
“YARAT!” Moskvada gənc rəssamın işini təqdim edir
Sərgidə tanınmış və gənc rəssamların indiyədək Rusiyada nümayiş etdirilməmiş əsərləri təqdim olunur. Marqarita Puşkina və Sandra Nedvedskaya tərəfindən təşkil olunmuş yarmarkada ABŞ, Böyük Britaniya və Rusiyadan, Avropa və MDB ölkələrindən 26 qalereya iştirak edir.
Rusiya beynəlxalq yarmarkası çərçivəsində “YARAT!” Müasir İncəsənət Məkanı gənc rəssam Rəşad Ələkbərovun bu beynəlxalq tədbir üçün yaratdığı “CUI BONO” işini təqdim edir. Rəşad Ələkbərov son illərdə tanınmış gənc rəssamlar nəslinin nümayəndəsidir. “CUI BONO” installyasiyası fəzadan keçən kanatlardır. İlk baxışda bu kanatlar tamamilə xaotik görünür. Arxadan işıqlandırılan iplərin hörgüsündən divarda əmələ gələn kölgə ilə “CUI BONO” latın sözləri oxunur. Bu ifadənin latın dilindən tərcüməsi “Bu, kimə gərəkdir?” deməkdir. “CUI BONO” installyasiyası dünya hadisələrinin, xüsusən silahlı münaqişələrin və müharibələrin əsasını təşkil edən mühüm məsələlərə toxunur.
“Cosmoscow” Beynəlxalq müasir incəsənət yarmarkası sentyabrın 21-dək davam edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva