MƏDƏNİYYƏT
“YARAT” Müasir İncəsənət Məkanı Vyanada keçirilən “VIENNAFAIR” yarmarkasında təmsil olunur
Oktyabrın 1-də yarmarka çərçivəsində “VİENNA Focus” sərgisinin açılışı olub. Sərginin diqqət mərkəzində Azərbaycan incəsənət ustalarının əsərləri dayanıb.
Sərgidə “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən hazırlanmış “Adiliyin şeiriyyəti” adlı layihə çərçivəsində Bakının “Sovetskaya” məhəlləsinin nümunəsində sürətlə dəyişən və sosial transformasiyanı əks etdirən incəsənət əsərləri nümayiş olunur. Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı Sənan Ələsgərov, Aida Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunan video, fotoşəkil və installyasiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Avstriyanın “VIENNAFAIR” adlı ən böyük müasir incəsənət yarmarkası bu il 10 illiyini qeyd edir. Bu yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya daha da genişlənərək, təqdim edilən ölkələr sırasına Azərbaycan da daxil olub. Sərginin “VIENNA Focus” bölməsi müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulub.
Azərbaycanın müasir incəsənətini builki tədbirdə “YARAT” təşkilatı təmsil edir.
Yarmarka oktyabrın 5-dək davam edəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana