MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Mərkəzində “Front” adlı interaktiv performans təqdim olunub

A+ A

Bakı, 1 oktyabr, Flora Şükürova, AZƏRTAC

Oktyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində danimarkalı rəssam Kristian Falsnaesin “Front” adlı interaktiv performansı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, performans Kristian Falsnaesin yaradıcılığının əsasını təşkil edir. Onun tədqiqat obyekti və səhnəciklərinin əsas “materialı” insandır. Rəssamın çıxışları canlı və ya video şəklində, tamaşaçıların iştirakı ilə və ya onlarsız təqdim edilir. Danimarkalı rəssam tamaşaçıların fəal iştirakı ilə yaratdığı teatrla, hətta çox vaxt absurd performanslarında “Bu an baş verənləri, bu anı biz uzun zamandır gözləyirdik!” kimi ruhlandırıcı sözlərlə coşqunluq yaradır.

“Front” iri həcmli qurğuların davamlı olaraq spreylə boyandığı, parçalanaraq şəhər içində nümayiş etdirildiyi, daha sonra isə yenidən qurularaq yeni forma aldığı kollektiv performansdır.

Rəssam üzərinə rejissor rolunu götürərək, təlimatları ilə səhnə və tamaşaçılar arasındakı estetik səddi aradan qaldırır. Rəssam və tamaşaçıların müştərək işi olan heykəltəraşlıq əsəri kollektiv performansdan xatirə kimi yaradıldığı yerdə qalır. Performansdakı hərəkətlər fərd və qrup, rəssam və onun izləyiciləri arasındakı münasibət haqqında suallar doğuran ikimənalı hislər və təəssürat yaradır. Falsnaes sosial normalar, qrup davranışının dinamikası, güclərin nisbəti, müəlliflik, gender rolları və digər bu kimi məsələlərin mahiyyətinə varmağa, onları dərindən başa düşməyə sövq edir. Bu araşdırma həvəsinin bir forması, rəssamın tamaşaçılarını istiqamətləndirmək üçün didaktik rəssamlıqdan tutmuş aktyorluğa qədər, avtoritar liderdən tutmuş konferansye, kloun, quldur və səfilə qədər müxtəlif rollara girdiyi bədahətən yaranmış performans silsilərində öz əksini tapıb. Bununla belə, Falsnaes özünün fiziki iştirak etmədiyi, telefon rabitəsi və ya dublyordan istifadə edərək yaratdığı performativ formatlarını da inkişaf etdirir. Bəzi hallarda, o, performansdakı konkret situasiyanın müstəqil video süjetlərin yaradılmasına necə kömək etdiyini sınaqdan keçirir.

Qeyd edək ki, layihə Mədəniyyət və İdarə Laboratoriyası tərəfindən idarə olunan və Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin maliyyə dəstəyi ilə “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət” layihə çərçivəsində Cənubi Qafqaz Müasir Rəqs və Eksperimental İncəsənət Festivalı ilə birgə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.