MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert təqdim edilib

Bakı, 1 iyul, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib.

Adından da göründüyü kimi, ilk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert klassik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Daha doğrusu, bir sıra klassik aşıq havaları caz və rokla sintez halında tamaşaçılara təqdim olunub.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, AAB-ın dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbir “Araz Ozara” qrupu ilə gənc aşıq Elvin Mehmanlının böyük zəhməti əsasında ərsəyə gəlib.

Konsertin əvvəlində çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı və həm də vacib olmasından danışıb.

Araz Ozara və Elvin Mehmanlı ilə yanaşı, gənc sənətçilərdən aşıq Əli Tapdıqoğlu, Kamil Cəfərov, Gülbəniz Məmmədova, Elçin Əziyev və Ramin Sadıqovun da iştirak etdiyi konsertdə “Dədə Qorqud” kompozisiyası, “Qarabağ şikəstəsi”, eləcə də “Şirvan müxəmməsi”, “Quba Kərəmi”, “Şəqayı gəraylı”, “Koroğlu cəngisi” və digər aşıq havaları caz və rokla sintezdə tamaşaçılara təqdim olunub.

“YARAT” Müasir İncəsənət Mərkəzində uğurla gerçəkləşdirilən bu konsert tamaşaçı auditoriyasının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Konsertin təşkilatçıları bu gün ilk eksperiment kimi təqdim etdikləri bu işi gələcəkdə də davam etdirəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.