MƏDƏNİYYƏT
“YARAT” Müasir İncəsənət Təşkilatı “VIENNAFAIR The New Contemporary” sərgisində təmsil olunub
Təşkilatın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “YARAT” Müasir İncəsənət Məkanı Bakının baxımsız və köhnə şəxsi tikililərlə dolu ərazisində aparılan bərpa prosesinə müşahidəçi gözü ilə əsərlər yaratmış üç rəssamın işlərini nümayiş etdirib.
Cəmiyyət, dəyişiklik və həsrət mövzuları ilə bağlı video, fotoşəkil və instalyasiyalar Sənan Ələsgərov, Aidə Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunub.
Bu il Avstriyanın “VIENNAFAIR” adlı ən böyük müasir incəsənət yarmarkası özünün 10 illik yubileyini qeyd edib. Həmin yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya genişlənib və təqdim olunan ölkələr sırasında Azərbaycan da təmsil olunub. Sərginin “VIENNA Focus” bölməsi müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulub. Azərbaycan müasir incəsənətini builki tədbirdə “YARAT” təşkilatı təmsil edir.
Hələ sovet dövründən Sovetskaya küçəsi nizamsız tikintinin aparılması səbəbindən əksər hallarda bir-birinə sıxılmış alçaq tikililəri, ensiz yolları və dalanları ilə tanınırdı. Sovetlər dönəminin ərzaq və əşya qıtlığı dövründə “qara bazar” məhz bu ərazidə geniş yayılmışdı. Sovetskaya adı ilə məşhur olan bu ərazi və onun sakinləri şəhər həyatı və tarixi ilə sıx bağlı olublar, onun ayrılmaz hissəsi idilər. Ümumi baxımsızlıq və abadsızlıqla yanaşı, burada daş evlərin, köhnə taxta qapıların və ev əşyalarının gözəlliyini və zərifliyini duymaq, habelə qonşuya daima kömək etməyə hazır olan cəsur, şücaətli və xeyirxah insanları görmək olardı. “VIENNAFAIR” The New Contemporary” tədbirində “YARAT”ın adından çıxış edən rəssamlar Bakı mənzərəsinin müasirləşməsinə cavab olaraq “Adiliyin şeiriyyəti” mövzusunda sərgini təqdim ediblər.
1956-cı il təvəllüdlü Sənan Ələsgərov Bakının unudulmuş məkanlarını özünəməxsus baxışla təsvir edib. Uzun illərdir fotoqrafiyada çalışan Sənan Ələsgərov əsasən portret sənəti və fotojurnalistika ilə məşğul olur, ağ-qara şəkillərin çəkilməsinə üstünlük verir. Onun yeni fotoşəkil seriyasında boş küçələr, telefon dirəkləri və köhnə içməli su fəvvarələri kimi əski, dağıdılan “abidələr”ə diqqət yetirilib, silsilənin birinci şəklində dam örtüyü təsvir olunan əraziyə məxsus şəhər landşaftı təqdim olunub.
1978-ci il təvəllüdlü Orxan Hüseynov öz fikirlərini ifadə etmək məqsədilə rəssamlıq, instalyasiya və videoçəkiliş sahələrində çalışır. Son zamanlar beynəlxalq nüfuz qazanan yeni Azərbaycan nəslinin nümayəndəsidir. Onun yeni əsərində Sovetskaya küçəsinin ətraflarında yaşayan insanların problemi qaldırılıb. Bu şəkillər silsiləsində o, Bakının mərkəzində yerləşən ərazidə və uşaqlıq çağında dostlarının və ailəsinin həyatında baş verən məzəli və təhlükəli hadisələri canlandırıb. Həmin hadisələri plyonkada əks etdirərək, rəssam 1991-ci ildə müstəqilliyini bərpa edənə qədər Azərbaycanda, Bakının həmin rayonunda həyat tərzinin müəyyən xarakterik hissəsini təsvir edib.
1982-ci il təvəllüdlü Aida Mahmudovanın instalyasiyasında Sovetskaya küçəsində yerləşən qapının bəzəkli hissəsinin sanki yeni təyinatı gerçəkləşib. Həmin hissə şəhər mühitinin aniliyini və keçmiş zamanın xatirələrini canlandırmaqla, cilalanmış polad müstəviyə düşən “kölgələrlə” əhatə olunub. Bu iş Aida Mahmudovanın instalyasiya, heykəltəraşlıq və rəssamlıq sahələrində yaratdığı, Azərbaycanın müasirləşməsinə reaksiya olaraq ərsəyə gətirdiyi və xatirə, həsrət və mənliklə bağlı əsərlər silsiləsinə bir əlavədir.
Aida Mahmudova həm rəssam, həm də 2011-ci ildə təsis olunan yerli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması üçün məkanın yaradılması ilə məşğul olan “YARAT” təşkilatının təsisçisidir. Böyük Britaniyanın “Central Saint Martins College of Art and Design” təsviri incəsənət fakültəsinin məzunudur. Ərsəyə gətirdiyi işlər bir çox ölkələrdə nümayiş olunub və rəngkarlıq, fotoşəkil sənəti və video-art üslublarının ünsürlərini özündə birləşdirir.