MƏDƏNİYYƏT
YARAT qeyri-kommersiya təşkilatı 56-cı Venesiya Biennalesi çərçivəsində “Odla suyun birliyi” adlı müstəqil tədbir keçirəcək
Bakı, 26 fevral, AZƏRTAC
“Odla suyun birliyi” layihəsi iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun gözü ilə təqdim edilən Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən müqayisə edilməsidir. Sərgidə bu şəhərlərin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiya vasitəsilə bu şəhərlərin qarşılıqlı əlaqəsi araşdırılır.
Layihə Venesiyada “Palazzo Barbaro” məkanında təqdim olunacaq. Bu tarixi bina vaxtilə orta əsrlərdə Venesiya taciri və diplomatı İosafat Barbaronun şəxsi mülkü olub. Bu şəxs XV əsrin sonlarında öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə çox yazıb, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir edib.
YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunan bu ekspozisiya 56-cı “la Biennale di Venezia” beynəlxalq incəsənət sərgisində mayın 9-dan noyabrın 22-dək tamaşaçıların üzünə açıq olacaq.
Dünya şöhrətli, Qazaxıstan əsilli, müasir incəsənət sahəsində yaradıcılıqla məşğul olan A.Menlibayeva müxtəlif texnikalarda çalışır. O, zaman və məkanlardan keçən ortaq mədəniyyət hadisələrini rəngkarlıq, qrafika, performans, instalyasiya, video və digər təsviri sənət növlərinin ifadə vasitələri ilə təcəssüm etdirir. A.Menlibayevanın yaradıcılıq dəst-xətti rəngarəng sənət dünyasından, mədəniyyətlərdən, qərinələrdən keçən sözsüz-kəlməsiz dialoqlar üzərində qurulub. Sovetlər öncəsi, İslam öncəsi, şamanlar və dərvişlər dövrünə aid tarixi mədəniyyətlərdə qadının rolu, qadının tutduğu yer A.Menlibayevanın xüsusi diqqətlə yanaşdığı mövzudur.
R.Ələkbərov isə son vaxtlar beynəlxalq incəsənət aləminin diqqət mərkəzində olan Azərbaycan rəssamlarından biridir. Onun qurduğu instalyasiyalar duyğusal qavrayışın pozulmasını araşdırır. O, fərqli materiallardan istifadə edərək obyektləri və müxtəlif hissələri işığın qarşısında elə yerləşdirir ki, onların kölgələri sənət əsəri anlamına gəlir. İnstalyasiya qurmaqla yaradıcılıq işi arasındakı fərq və oxşarlıq, həmçinin işıqla kölgə, reallıqla təəssürat arasındakı belə qarşılıqlı münasibət onun əsərlərində əsas yer tutur.
Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi ilk neft milyonçularından biri olan Murtuza Muxtarovun mülkündən – 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən qaynaqlanıb. M.Muxtarov bu binanı çox sevdiyi həyat yoldaşı Liza xanım Tuqanova üçün tikdirmişdi. Sovet işğalından və M.Muxtarovun intiharından sonra bu tikili dəfələrlə əldən-ələ keçib, başqa-başqa məqsədlər üçün istifadə olunub. Hazırda bu binanı “Səadət sarayı” kimi tanıyırlar.
Rəssamlar təqdim etdikləri şou çərçivəsində M.Muxtarovun sarayından bəhs edərək, onun timsalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzuları araşdırırlar.
“Odla suyun birliyi” layihəsində Bakı və Venesiya memarlığında əsrlər boyu özünü büruzə verən mübadilə və ziddiyyətlərə müraciət etməklə titrəyişli mədəni birliklərin mürəkkəbliyi araşdırılır.
R.Ələkbərovun layihəyə daxil etdiyi heykəllər “Palazzo Barbaro”nun Venesiya mənzərəsi və onun XV əsrə aid qotika interyeri ilə qarşılıqlı əlaqəyə keçir, ünsiyyət yaradır. Metal, işıq, kölgə və səs instalyasiyaları birləşərək, məkanın içində gizlənən ziddiyyətləri və təzadları üzə çıxarır. R.Ələkbərov “Palazzo Barbaro”nun Venesiya tarixini öz “Bakı”sının tarixi ilə birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. A.Menlibayevanın təzəlikcə hazırladığı video instalyasiya bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film M.Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.
Sərginin tamaşaçılara daha dolğun təəssürat bağışlaması üçün hər iki instalyasiya rəqəmsal platforma ilə müşayiət olunur. İctimaiyyətə və KİV-lərə ünvanlanan bu platformalar, eləcə də layihənin özəl internet səhifəsi www.bakuvenice2015.com bu sənət əsərlərinin incəliklərini öyrənməyə, onun sərgiləmə tarixçəsi barədə məlumat almağa imkan verir. İnternet səhifəsində yerləşən müvafiq vizual və yazı məlumatları, tarixi faktlar və müsahibələr layihəni lay-lay işıqlandırır. Bundan əlavə, “Palazzo Barbaro”nun ziyarətçiləri öz təəssürat və qeydlərini bu internet resursuna canlı rejimdə daxil edə biləcək və onların rəylərini hər kəsin oxuması mümkün olacaq.
Təqdimatın özəl kataloqunun mətnləri yazıçı və tarixçi Fuad Axundov, kurator Françesko Bonami, incəsənət tarixi, eləcə də Şərq musiqisi və ədəbiyyatı mütəxəssisi Lalə Kazımova, “Guggenheim UBS Map” layihəsinin Yaxın Şərq üzrə kuratoru Sara Raza, “Tate Liverpool” qalereyasının baş kuratoru Kasya Redjiç və “The Art Newspaper” qəzetinin redaktor müavini Ermanno Rivetti kimi müəlliflər tərəfindən yazılıb.