REGİONLAR
YASAMAL VƏ SƏBAİL RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SATİŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 3 yanvar (AZƏRTAC). Yanvarın 3-də Yasamal və Səbail rayonlarında-metronun “İnşaatçılar” stansiyasının yaxınlığında və Badamdar qəsəbəsində kənd təsərrüfatı məhsullarının 2009-cu ildə ilk satış yarmarkası keçirilmişdir.
Metronun “İnşaatçılar stansiyasının yaxınlığındakı yarmarkada satışa Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli, Şəki və digər rayonlardan gətirilmiş 68,9 ton məhsul çıxarılmışdı. 2008-ci ildə keçirilən yarmarkalarda olduğu kimi, bu gün də Salyan rayonundakı “Hacı Camalxan” fermer təsərrüfatının, “İmişli Broyler”in, “Dəvəçi Broyler”in satıcıları, Astara, Quba, Qusar rayonlarından gəlmiş onlarla digər fermerlər alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz və keyfiyyətli ət və süd məhsulları, kartof-soğan, sitrus meyvələri, toyuq əti, yumurta, kələm, balqabaq və s. təklif edirdilər.
Yeni ilin ilk yarmarkasından əlidolu çıxan paytaxt sakinləri burada yaradılan şəraitdən, xüsusilə məhsulun bolluğundan və qiymətlərin münasibliyindən razı qaldıqlarını bildirirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binalarin həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Salyan, Masallı və Quba rayonlarından 5 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdi. Artıq yarmarkanın bazarlardan daha sərfəli olduğunu yaxşı bilən qəsəbə sakinləri burada həvəslə bazarlıq edirdilər. Alıcılar aztəminatlı ailələrin büdcəsinə kömək olan yarmarkaların 2009-cu ildə də ənənə halını almasını arzulayırdılar.