DÜNYA
YASİR ƏRƏFAT ACLIQ KEÇİRMƏYİ QƏRARA ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, xarici informasiya agentliklərinin yaydığı məlumata görə, Yasir Ərəfat İsrail həbsxanalarında olan fələstinli məhbusların keçirdikləri aclığa qoşulmağı qərara almışdır. Fələstin milli administrasiyasının başçısı və onun bütün əməkdaşları İsrailin dörd həbsxanasında bazar günü aclığa başlayan 1,5 min həmvətəni ilə həmrəylik əlaməti olaraq avqustun 18-də birgünlük açlıq keçirmişlər.
İsrailin ictimai təhlükəsizlik naziri Saxi Xaneqbi bildirmişdir ki, saxlandıqları şəraitin yaxşılaşdırılmasında təkid edən məhbusların tələblərindən heç biri yerinə yetirilməyəcəkdir.
İsraillilər aclığın dayandırılması üçün daha nə kimi tədbirlərə əl atmırlar. Həbsxanaların həyətlərində hətta kabab bişirirlər ki, məhbuslar etirazlarını dayandırsınlar. Məhbusların siqaretləri və döşəklərdə gizlətdikləri duz müsadirə edilmişdir. Bundan əlavə, kameralardan televizorlar və radioqəbuledicilər çıxarılmış, məhbusların qohumları ilə görüşləri qadağan olunmuşdur.