İDMAN
YENİYETMƏLƏR ARASINDA BİRİNCİ OLİMPİYA OYUNLARININ NÖVBƏTİ GÜNÜ BAŞA ÇATMIŞDIR
Bakı, 21 avqust (AZƏRTAC). Sinqapurda yeniyetmələr arasında I Olimpiya Oyunlarının növbəti günü başa çatmışdır.
Azərbaycan cüdoçusu Cəlil Cəlilov (66 kq) ilk görüşünü andorralı Patrik Ferreyra Martins ilə keçirmişdir. Bu görüşü qələbə ilə başa çatdıran C.Cəlilov növbəti mərhələdə amerikalı Maksimilyan Şneyderə, bürünc medal uğrunda mübarizədə isə Danimarka idmançısı Puça Çaiyə məğlub olmuşdur.
Avqustun 21-də boksçuların da yarışı keçirilmişdir. Şaban Şahpələngov (51 kq) elə ilk görüşdə misirli Heşam Mahmud Əbdüləliyə məğlub olmuşdur.
Elvin İsayev (57 kq) birinci görüşdə Monqolustan idmançısı Anaht Daşdordadan güclü olmuşdur (13:2). Yarımfinalda o, venesuelalı Fradimir Makayo ilə qarşılaşacaqdır.
Bakıda keçirilən dünya birinciliyinin qalibi Salman Əlizadə 48 kiloqram çəki dərəcəsində avqustun 22-də Sinqapur boksçusu Məhd Həmid ilə görüşəcəkdir.
Avqustun 21-də kanoeçilər də olimpiya medalları uğrunda mübarizə aparmışlar. Azərbaycan kanoeçisi Radoslav Kutsev birnəfərlik kanoedə 420 metr məsafəni 1 dəqiqə 49 saniyə 89 mikrosaniyəyə qət edərək doqquzuncu yeri tutmuşdur. Növbəti dairədə onun rəqibi moldovalı Aleksandru Tiqanu olmuşdur. Radoslav (1:48.33) Aleksandrudan (1:51.08) əvvəl finişə çataraq növbəti mərhələyə keçmişdir. Burada onun rəqibi meksikalı Pedro Kastanedo olacaqdır.
Azərbaycan avarçəkəni avqustun 22-də keçiriləcək dörddəbir finalda iştirak edəcəkdir. Bu mərhələdə onun rəqibi kubalı Osfaldo Sakerio Kardenas olacaqdır.