DÜNYA
YENİ “AZBALT” MÜŞTƏRƏK MÜƏSSİSƏSİ TƏSİS EDİLMİŞDİR
Riqa şəhərindəki “Baltpas” şirkəti və “Azərikimya” Dövlət Şirkəti “Azbalt” adlı müştərək müəssisə təsis etmişlər.“Azərikimya” Dövlət Şirkəti nümayəndə heyətinin bu yaxınlarda Latviyaya səfəri zamanı gələcək əməkdaşlığın perspektivlərinə dair saziş imzalanmışdır.
“Azərikimya” Dövlət Şirkətinin prezidenti, Milli Məclisin deputatı Fikrət Sadıqov demişdir ki, bizim məhsullarımız ABŞ-a, İngiltərəyə, Fransaya, Tükiyəyə, İrana, Rusiyaya, Skandinaviya ölkələrinə və digər yerlərə ixrac olunur. Müştərək müəssisələr yaratmaqla biz bu regionda məqsədyönlü və əlaqələndirilmiş marketinq siyasəti yeridə bilərik, çünki Riqa şəhərinin çoğrafi mövqeyi orada güclü nəqliyyat qovşağı yaranmasına imkan verir. Riqa merinin sərəncamına uyğun olaraq, şəhər limanında terminal üçün yer ayrılmışdır. Əldə edilmiş razılığa əsasən, gələcəkdə onu icarəyə götürmək nəzərdə tutulur.
İlkin məlumata görə, Baltikyanı və Skandinaviya ölkələri Azərbaycanda istehsal olunan mütləqtəmizliyə malik izopropil spirti (dünya miqyasında yüksək keyfiyyətli məhsul kimi tanınır və beynəlxalq “Arka-Avropa” mükafatına layiq görülmüşdür), avtomobillər üçün əyləc mayesi, antifriz və Azərbaycanda istehsal olunan digər məhsullar almağa maraq göstərirlər. Yaxın vaxtlarda “Azbalt” Azərbaycanda polietilen örtükləri istehsal etmək, paketlər və digər xalq tələbatı malları istehsal etmək fikrindədir. Bu məqsədlə müasir, modernləşdirilmiş texnologiya ilə təchiz olunmuş yeni istehsalat yaradılacaqdır.