REGİONLAR
YENİ SƏNƏDLİ FİLM - “AZƏRBAYCANDA DƏVƏÇİLİK”
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycanda dəvəçilik” adlı sənədli film çəkdirmişdir.
Ssenari müəllifi Balağa Səmədov, redaktoru Nəriman Əliyev olan filmdə respublikamızda həyata keçirilən aqrar islahatlardan, dəvəçiliyin inkişaf perspektivlərindən, mövcud genofondun qorunub saxlanması üçün görülən məqsədyönlü tədbirlərdən bəhs olunur, Azərbaycanın dünyada dəvəçiliyin iki əsas məskənindən biri olduğu vurğulanır. Bildirilir ki, ölkəmizdə, xüsusilə Abşeron, Beyləqan, Bərdə, Biləsuvar və Hacıqabul rayonlarında birhürgüclü və ikihürgüclü dəvə cinsləri geniş yayılmışdır. İkihürgüclü Azərbaycan dəvəsi xalqımızın milli sərvəti hesab olunur. Abşeron rayonunun Qobu qəsəbəsində dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi fəaliyyət göstərir.
Filmdə tamaşaçılara dəvə barədə maraqlı məlumatlar verilir, dəvəçiliyin inkişafı istiqamətində görülmüş və görüləcək tədbirlərdən geniş söz açılır.