CƏMİYYƏT


Y.Sutormina: Rusiya ilə Azərbaycanın xalqlar dostluğu həqiqətən əsrlərdən qaynaqlanır

Moskva, 8 iyul, AZƏRTAC

Rusiya paytaxtında “It’s Time for Moscow” V Beynəlxalq Mediaforumu başa çatıb. Forum çərçivəsində dünyanın 36 ölkəsindən ekspert və jurnalistlər rus dilinin və mədəniyyətinin qorunub saxlanılmasında və yayılmasında KİV-lərin rolunu müzakirə ediblər.

Rusiya paytaxtının hakimiyyət orqanlarının dünyanın aparıcı KİV-lərinin nümayəndələri ilə ənənəvi görüşünə bu il ABŞ, Çin, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, İtaliya və s. ölkələrdən təqribən 130 jurnalist qatılıb.

“Dəyirmi masa”larda rus mədəniyyətinin və dilinin dünyada yayılmasına, vahid rusdilli informasiya məkanının yaradılmasına KİV-lərin köməyi, xarici ölkələrdə yaşayan rusiyalı həmvətənlərə dövlət dəstəyi məsələləri nəzərdən keçirilib.

Rusiya İctimai Palatasının İctimai diplomatiyanın inkişafı və xaricdəki həmvətənlərə dəstək komissiyasının sədri Yelena Sutormina vurğulayıb ki, dünyanın ən geniş yayılmış beş dilindən biri olan rus dili xalqlar arasında əlaqələrin qurulmasında böyük rol oynayır. Y.Sutormina gənclər siyasəti sahəsində Rusiya-Azərbaycan əlaqələrini xüsusi vurğulayaraq deyib: “Rusiyada “Ədəbiyyat ili” olanda, biz gənc şair və nasirlər arasında “Rus dili” adlı beynəlxalq müsabiqə keçirdik. Müsabiqəyə Azərbaycandan çox iştirakçı qatılmışdı, onlar maraqlı əsərlər göndərirdilər və buna görə də laureat oldular. İndi “Ekologiya ili”dir. Biz “Xeyirxah işlər marafonu” keçiririk. Gənclərin birlikdə maraqlı layihələr hazırlamaları üçün mövzular olduqca çoxdur. Biz qonşuyuq, bizim Azərbaycan ilə xalqlar dostluğumuz həqiqətən əsrlərdən qaynaqlanır. İndi tarixi yenidən yazmaq, İkinci Dünya müharibəsinin nəticələrini dəyişdirmək və o illəri başqa cür təqdim etmək cəhdləri var. Amma bizim ölkələrimizdə veteranlar hələ sağdır, onlar əslində nələr olduğunu xatırlayırlar. Biz ümumi yaddaşımızın qorunub saxlanılması prosesinə gəncləri cəlb edirik və həqiqətən görürük ki, nəticə var və bu nəticəni artırmaq lazımdır! Konkret və real işlər lazımdır, çünki gənclər mütərəqqi və kreativdir. Onlar real işlərə inanırlar. Buna görə də biz xarici tələbələrin Rusiyada təhsil alması üçün kvotaları artırmaq istəyirik. Bu da birgə layihələrin həyata keçirilməsinə çox müsbət təsir göstərəcək”.

Y.Sutormina turizm istiqaməti kimi Azərbaycana tələbat mövzusuna da toxunaraq deyib: “Azərbaycan özünəməxsus maraqlı ölkədir. Bakı çox dəyişib, çoxlu yeni gözəl yerlər yaradılıb. Tədbir turizmi də var. Əlbəttə, rusiyalı turistin buna tələbatı olacaq. Buna görə də rus dilinin əhəmiyyəti artır. Axı gələcəkdə başqa ideyaları inkişaf etdirmək üçün əlaqələndirici vasitə məhz dildir.

Rusiya-Azərbaycan strateji tərəfdaşlığının rus informasiya sektorunun qorunub saxlanılmasında və inkişaf etdirilməsində əsas etibarilə respublika rəhbərliyinin prinsipial mövqeyinə dayandığını vurğulayan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Heydər Əliyevin rus dilini təhsildə, rusdilli KİV-lərdə və məişətdə yüksək səviyyədə qoruyub saxlamaq qərarı bu istedadlı siyasətçinin qəbul etdiyi bütün qərarlar kimi, çox müdrik bir qərar idi. Hazırda İlham Əliyev bunu inkişaf etdirir və çoxaldır. Baxın görün, Rusiya belə uzaq perspektivə hesablanan möhkəm münasibətləri hazırda çox az ölkə ilə qurub. Çünki Rusiya ilə Azərbaycan bir-birini yaxşı başa düşürlər. Bütün rəsmi, dövlət qərarları xalq diplomatiyasi deyilən diplomatiya səviyyəsində də dəstəklənir. Bir-birimizlə ümumi dil tapmağımız, daim mədəni mübadilə aparmağımız sayəsində dialoqa açığıq və bu da münasibətlərimizin inkişafının rəhnidir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.