REGİONLAR
YÜK MAŞINLARININ BİRGƏ İSTEHSALI BARƏDƏ RAZILIQ ƏLDƏ EDİLMİŞDİR
“Azəravtonəqliyyat” Dövlət Konsernindən AZƏRTAC-a bilidrmişlər ki, Fransanın “Reno” şirkəti Gəncədə avtomobil zavodunda yığılacaq yük maşınlarını komplektləşdiricilər və ehtiyat hissələri ilə tam təmin edəcəkdir. Zavodun yenidən qurulması işini Azərbaycan tərəfi öz üzərinə götürmüşdür. Fransa bankları bu layihəyə 10 milyon dollar ayırmağa hazırdır. Bunun 1,5 milyon dolları yenidənqurma işlərinə, 8,5 milyon dolları isə avadanlıq və komplektləşdiricilər alınmasına sərf ediləcəkdir.
Birinci mərhələdə ildə 200 yük avtomobili yığmaq nəzərdə tutulur. İstehsal həcminin artırılması isə avtomobillərin satışından asılı olacaqdır. Bunun üçün onların kreditlə satışını təşkil etmək lazım gələcəkdir. Gələcəkdə “Reno” yük maşınları üçün bəzi ehtiyat hissələrini Gəncə avtomobil zavodunda istehsal etmək nəzərdə tutulur.