MƏDƏNİYYƏT
YUNANISTAN HÖKUMƏTİ AZƏRBAYCAN TURİSTLƏRİNƏ TƏHLÜKƏSİZ İSTİRAHƏT VƏD EDİR
Bakı, 7 iyul (AZƏRTAC). Yunanıstan hökuməti bu ölkədə dincəlmək istəyən Azərbaycan turistlərinə təhlükəsiz istirahət vəd edir.
Yunanıstanın Azərbaycandakı səfirliyinin konsul şöbəsi bu ölkəyə getmək arzusunda olan Azərbaycan vətəndaşlarına hər gün vizalar verir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Yunanıstan səfirliyinin yerli KİV-lərdə yer almış bəzi xoşagəlməz yazılarla əlaqədar yayılmış bəyanatında yer almışdır.
Səfirlik Bakı-Xanya (Krit) birbaşa aviareysinin açılması layihəsinin dayandırılması məsələsinə də aydınlıq gətirmişdir. Bəyanatda deyilir: ”Bu, Yunanıstan və Azərbaycan turoperatorlarının Yunanıstan Mədəniyyət və Turizm Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə birgə layihəsi olmuşdur. Layihənin icrasının dayandırılması Yunanıstanın siyasi və iqtisadi problemləri ilə əsla bağlı deyildir”.
Səfirliyin bəyanatında deyilir ki, Yunanıstan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu il iyunun əvvəlində həmin ölkədə, o cümlədən Krit adasında səfərdə olmuş bir qrup Azərbaycan juirnalisti oradakı real vəziyyətin şahidi olmuşdur. Azərbaycan KİV-lərinin nümayəndələri çoxsaylı məqalə və videosüjetlərində dünyanın turizm ölkələri siyahısında haqlı olaraq ilk yerlərdən birini tutan Yunanıstanın turizm potensialı barədə öz təəssüratlarını bölüşmüşlər.