DÜNYA
YUNANISTAN YIĞMA KOMANDASININ ÖLKƏ FUTBOL FEDERASİYASINA ULTİMATUMU
Yunanıstan yığmasının kapitanı Teodoros Zaqorakis başda olmaqla, komandanın oyunçuları federasiyaya ultimatum verərək, həm qitə çempionatında qrupdan növbəti mərhələyə keçməyə, həm də dörddə bir finalda fransızlar üzərində qələbəyə görə mükafatların məbləğini artırmaq tələbi irəli sürmüşlər. Onlar hədələyirlər ki, əks halda, Almaniyada keçiriləcək 2006-cı il dünya çempionatının seçmə mərhələsini, sadəcə olaraq, boykot edəcəklər.
Xatırladaq ki, hər bir oyunçu üçün mükafatın məbləği 80 min funt sterlinq olmuşdur. Onlar isə bunu təxminən üç dəfə, daha dəqiq isə, 200 min funt sterlinqədək artırmağı tələb edirlər.
Çox güman ki, Yunanıstan Futbol Federasiyası ultimatumu yerinə yetirməli olacaqdır. Həm də ona görə ki, komandanın çempionatda iştirakından əldə edilən mənfəət artıq 10 milyon funt sterlinqdir, yunanlar Avropa Kubokuna sahiblənərsə, daha 7 milyon funt sterlinq qazanılacaqdır.