İDMAN
YUNESKO İDMANIN İNKİŞAFI MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETMİŞDİR
Yanvarın 9 -10-da Parisdə YUNESKO-nun iqamətgahında bədən tərbiyəsi və idman nazirlərinin, bu sahənin nümayəndələrinin “dəyırmi masa” ətrafında yığıncağı keçirilmişdir. Yığıncağda ölkəmizi gənclər, idman və turizim naziri Əbülfəz Qarayev təmsil etmişdir. AZƏRTAC-ın müxbiri nazirlə görüşmüş və yığıncaq barədə ondan müsahibə almışdır. Nazir demişdir:
-Xatırladım ki, nazirlər səviyyəsində sonuncu görüş üç il bundan öncə Uruqvayın Pote de Las şəhərində təşkil edilmişdi. Uzun fasilədən sonra YUNESKO-nun iqamətgahında keçirilmiş bu beynəlxalq “dəyirmi masa” dünyada idmanın inkişafı ilə bağlı çox mühüm bir mövzuya həsr edilmişdir. 70-dən artıq nazirin və 150-dək nümayəndənin iştirak etdiyi toplantıda məktəbdə bədən tərbiyəsi, gənc idmançıların inkişafı üçün şəraitin yaradılması və onların istismarına qadağa qoyulması, dopinqlə mübarizə işlərinin təhlili və bunlarla bağlı sənədin hazırlanması barədə geniş müzakirələr aparılmışdır.
Çıxış edənlər əsas diqqəti təhsil ocaqlarında bədən tərbiyəsinin tətbiqinə yönəltmişlər.
Mən çıxışımda MOK-un 10 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin məktəblərdə idmanın vəziyyətini yaxşılaşdırmaq üçün konkret vəzifələr irəli sürməsini, tənqidi qeydlərinin “dəyirmi masa”da müzakirə olunmuş məsələlərin kontekstinə uyğun gəldiyini bildirdim. Ölkəmizdə idmanın inkişafı ilə əlaqədar yaradılmış xüsusi komissiyanın yanvarın sonlarında rayonlarda zonalar üzrə yığıncaqlar keçirəcəyi barədə məlumat verdim.
Ermənistanın təcavüzü nəticəsində doğma ocaqlarından didərgin düşmüş gənclər arasında bədən tərbiyəsinin tətbiqinin ciddi problem kimi bizi narahat etdiyini xüsusi vurğuladım və beynəlxalq təşkilatların bu məsələyə diqqət yetirmələri təklifini irəli sürdüm. Müzakirə olunan məsələlər barədə qəbul edilmiş qərar nazir kimi məni qane etdi.
YUNESKO-nun baş katibi Koysiro Matsuuri, BMT-nin xüsusi nümayəndəsi, baş katibin idman, inkişaf və sülh məsələləri üzrə köməkçisi Adolf Oqi, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq ilə görüşlərimdə Azərbaycan Prezidentinin idmanın inkişafına göstərdiyi qayğıdan danışdım.
Rusiya Federasiyası, Qazaxıstan, qardaş Türkiyə, Albaniya və Əlcəzairin idman nazirləri ilə görüşlərimdə idman sahəsində ölkələrarası əlaqələrin inkişaf etdirilməsi və müxtəlif yarışların təşkili məsələlərinə toxunduq.
Yığıncağın işində və görüşlərdə də YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi Ramiz Abutalıbov və respublikamızın Fransadakı səfirliyinin əməkdaşı Ayaz Qocayev iştirak edirdilər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris