ELM VƏ TƏHSİL
YUNESKO-NUN HÖKUMƏTLƏRARASI KOMİTƏSİNİN SESSİYASI KEÇİRİLMİŞDİR
Parisdə YUNESKO-nun “Bioetika, elm və texnologiyaların etikası” məsələləri üzrə hökumətlərarası komitənin 3-cü sessiyası keçirilmişdir. Respublikamızda 1999-cu ilin mart ayının 24-dən akademik Cəlal Əliyevin rəhbərliyi ilə YUNESKO-nun xətti ilə fəaliyyətə başlayan “Bioetika, elm və texnologiyaların etikası” məsələləri üzrə Azərbaycan Milli Komitəsini bu sessiyada akademik Əli Abbasov təmsil etmişdir. Sessiyada əvvəlcə Milli Komitələrin son iki il ərzindəki hesabatları dinlənilmişdir. Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi ilə molekulyar biologiya və genetika sahəsində aparılan elmi-praktiki tədqiqatların nəticələri və bir sıra bəşəri məsələlərin həlli yollarında qarşılıqlı əməkdaşlıq proqramları və bu sahədə yaradılmış beynəlxalq əlaqələr qənaətbəxş hesab edilmişdir. Bu istiqamətdə aparılan işlərin 2001-ci ildə qəbul olunmuş “İnsan genləri və insan hüquqları” bəyannaməsinin müddəalarına tam uyğun olduğu vurğulanmışdır. Akademik C.Əliyevin rəhbərliyi ilə ölkəmizdə bioloji etika, tibbi etika, xüsusilə ekoloji etika sahəsində səmərəli nəticələr əldə edilmiş, müasir dövrün aktual problemlərindən olan bioterrora qarşı mübarizə tədbirləri işlənib hazırlanmış və beynəlxalq miqyasda həyata keçirilməsi tövsiyə edilmişdir. Bundan başqa, daim erməni terroruna məruz qalmış Azərbaycanın, eləcə də bütün türk xalqlarının çəkdiyi əzabları dünya ictimaiyyətinə obyektiv faktlarla çatdıra bilmək üçün monumental “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin genosidi” adlı əsər də 2002-ci ildə Moskvada çap edilmiş və bəşəriyyətin mövcudluğunu təhlükə altına alan terror hadisələrinin, xüsusilə erməni terrorizminin faciələri və bunun bioterrorla birbaşa əlaqəsinin mahiyyəti açıqlanmışdır. Sessiyanın ikinci məsələsi “İnsan genomu haqqında məlumatların toplanması, saxlanılması və istifadə edilməsi” barədə olmuşdur. Bu məsələ ilə bağlı YUNESKO-nun yeni bəyannaməsi hazırlanmış və Baş Məclisin bu ilin noyabr ayında keçiriləcək sessiyasına təqdim olunmuşdur. Sessiyada müzakirə olunan məsələlərlə əlaqədar respublikamızda görülən işlər barədə akademik Əli Abbasov ətraflı məlumat vermişdir.