MƏDƏNİYYƏT
YUNİFEM 8 MART GÜNÜ İLƏ ƏLAQƏDAR SƏRGİ TƏŞKİL ETMİŞDİR
Martın 7-də “Qiz Qalası” qalereyasında “Qadınlar incəsənətdə” mövzusunda sərgi açılmışdır. Sərgini Birləşmiş Millətlər Təşkilatının Qadınların Naminə İnkişaf Fondu /YUNİFEM/ təşkil etmişdir.
YUNİFEM-in “Qadınlar Cənubi Qafqazda münaqişələrin aradan qaldırılmasına və sülh yaradılması uğrunda” regional layihəsinin əlaqələndiricisi Patrisiya Makfilips sərgini açaraq, qadınları 8 Mart bayramı münasibəti ilə təbrik etdi. O, ötən ilin sentyabrından həyata keçirilən və başlıca məqsədi qadın problemlərinin kompleks həlli, bu sahədə milli strategiyanın hazırlanması olan layihə barədə məlumat verdi.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva ölkənin ümumi inkişafına Azərbaycan qadınlarının töhfəsindən, habelə onların potensial imkanlarından ətraflı danışdı.
Sonra BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi Marko Borsotti BMT və bu təşkilatın Azərbaycan nümayəndəliyi adından qadınlarımızı təbrik etdi. O vurğuladı ki, cəmiyyətin zərif hissəsi olan qadınların xeyli çətinlikləri var. Marko Borsotti əmin olduğunu bildirdi ki, BMT-nin müvafiq strukturları Azərbaycan hökuməti ilə birlikdə bunların aradan qaldırılması üçün səmərəli fəaliyyət göstərəcəklər.
Daha sonra sərgiyə gələnlər Azərbaycan qadınlarının yaratdıqları sənət əsərləri ilə tanış oldular.