İQTİSADİYYAT


Yağışlı hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib VİDEO

A+ A

Bakı, 17 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 16-si axşam saatlarından başlayaraq Bakı şəhərində davam edən yağışlı hava şəraiti səbəbindən Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Koroğlu” metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayaraq “Nargilə” kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb. Qeyd edilən avtomagistrallarda zolaqlar üzrə sürət həddi saatda 20 kilometr azaldılıb. Belə ki, saatda 120 kilometrdən - 100 kilometrə, saatda 100 kilometrdən - 80 kilometrə, saatda 80 kilometrdən - 60 kilometrədək endirilib. Bununla yanaşı faktiki hava şəraiti səbəbindən yollarda yaranan tıxacların minimuma endirilməsi, nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə yollara nəzarət də gücləndirilib.

Gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerlərinə və istədikləri məkana vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. İlk növbədə bütün daşıyıcılara tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Göstərişə əsasən həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır. Göstərişə əməl etməyən daşıyıcılara qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Vətəndaşlardan xahiş olunur ki, ictimai nəqliyyatda qarşılaşdıqları hər hansı qayda pozuntusu ilə bağlı “Alo 141” Çağrı Mərkəzinə müraciət etsinlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.