İQTİSADİYYAT
Yağmurlu hava şəraiti ilə əlaqədar Bakının iki əsas avtomobil yolunda sürət həddi azaldılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Havaların yağmurlu keçməsi nəzərə alınmaqla paytaxtın bəzi yollarında sürət həddi dəyişdirilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, paytaxtdakı dumanlı, çiskinli və yağmurlu hava şəraitini nəzərə alaraq, yollarda təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Böyük Şor dairəsinə, yəni metronun “Koroğlu” stansiyasının yaxınlığına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindəki beton yolda avtomobillərin hərəkət sürətini göstərən elektron tabloların göstəricilərində dəyişikliklər edilib.
P.Mürsəliyev qeyd edib ki, elektron tablolarda zolaqlar üzrə göstərilən bütün sürət hədləri 20 kilometr/saat azaldılıb. Belə ki, sürət birinci zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, ikinci zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, üçüncü zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saatadək azaldılıb. Bu, dəyişiklik hava şəraiti ilə bağlıdır. Hava şəraiti normallaşdıqda həmin sürət hədləri yenidən dəyişdirilərək əvvəlki səviyyəsinə qaytarılacaq.