REGİONLAR
“Yalama Aqropark”da müasir heyvandarlıq kompleksi və yem zavodunun tikintisi yekunlaşmaq üzrədir VİDEO
Xaçmaz, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlərin ikinci mərhələsi yekunlaşır.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Bununla yanaşı, buradakı təsərrüfatın fasiləsiz su ilə təminatı üçün Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Bu, təsərrüfatın suya olan tələbatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq.
Müasir texnologiyanın tətbiqi yüksək məhsuldarlığa imkan yaradıb. Ötən il 242 hektar ərazidə dənlik, 143 hektar sahədə isə silosluq qarğıdalı səpini həyata keçirilib. Bu sahələrdən, ümumilikdə, 8 min 753 ton qarğıdalı əldə olunub. Aqroparkın ərazisində bu ilin məhsulu üçün 225 hektar arpa və 130 hektar yonca əkilib.
Aqroparkın direktoru Azər Nəsibov AZƏRTAC-a müsahibəsində bildirib ki, “Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. Hazırda layihənin ikinci mərhələsi çərçivəsində heyvanların qida təminatının təşkili məqsədilə aqroparkın ərazisində saatda 5 ton yem istehsal edən zavodun tikintisi davam etdirilir.
Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin qurulması işləri də yekunlaşmaq üzrədir. Artıq heyvandarlıq kompleksində saxlanılmaq üçün Avstriyadan 500 başa yaxın “Simmental” cinsindən olan düyələr gətirilib. Müasir tipli pilot heyvandarlıq müəssisəsində, ümumilikdə, 1100 baş inəyin saxlanılması nəzərdə tutulub.
Növbəti mərhələdə “Yalama Aqropark”da gündəlik istehsal gücü 50 tona çatan süd emalı müəssisəsi də qurulacaq. Kompleksin tərkibində 10 hektar ərazidə istixanalar yaradılacaq və intensiv bağçılıq təsərrüfatı salınacaq. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri açılacaq.
Aqroparkların yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi, həcminin artırılması, milli brendlərin formalaşdırılması, intensiv metodların tətbiqi, istehsalçı, emalçı və istehlakçı arasında əlaqələrin möhkəmləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.