REGİONLAR
Yalama Aqroparkı ölkəmizdə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Yalama Aqroparkı son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. Burada 500 hektardan çox sahədə müasir aqrokompleks yaradılıb, ən müasir texnologiyalar, elmi yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə çatacaq. Yəni, bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Süd emalı zavodu tikilməli, kərə yağı və pendir istehsalı təşkil edilməlidir
Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub. Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib. Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik. Burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır”.
Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının təxminən 70 faizini təşkil edir
Qeyri-neft sektorunun inkişafına diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq.
Belə aqroparkların sayı ən azı 10-a çatmalıdır
Növbəti açılış mərasiminin Şəmkir rayonunda olacağını vurğulayan Prezident İlham Əliyev deyib: “Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik”.