ELM VƏ TƏHSİL
Yalçın Topçu: Türkiyə ali təhsil müəssisələri ilə UNEC-in əməkdaşlığı yeni inkişaf trendi yaradacaq
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Bakıya səfəri çərçivəsində türkdilli təhsil müəssisələrini ziyarət edən Y.Topçu UNEC-in türk dünyası işlətmə fakültəsində təhsil alan tələbələrlə görüşüb.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Türk dünyası işlətmə fakültəsinin dekanı Fərrux Tuzcuoğlu bildirib ki, Y.Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycan hər zaman Y.Topçunun siyasi fəaliyyətində prioritet yer tutur.
Türkiyədə fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü bu qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, dərnəkdə Türkiyədə təhsil alan çoxlu sayda azərbaycanlı tələbə var. Dərnək onlara bütün tədbirlərinin təşkilində, eləcə də problemlərinin həllində dəstək göstərir.
Y.Topçu Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. Qeyd edilib ki, bütün türk dünyası bir ailədir, amma Türkiyə və Azərbaycan əkiz qardaşdır. Türkiyə Prezidentinin Baş müşaviri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına mötəbər beynəlxalq təşkilatların münasibətini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Xocalı soyqırımına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, həmin təşkilatlar susurlar. Çünki bilirlər ki, Azərbaycan torpaqları işğaldan azad edilsə, ölkənin inkişafının qarşısında dayanmaq olmayacaq. Buna görə də Azərbaycanı Dağlıq Qarabağ problemi ilə məşğul edirlər”. Y.Topçu Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanla yanaşı, bütün türk-İslam dünyasına faydası olacağını diqqətə çatdırıb.
UNEC-də təhsilin həm də türk dilində aparılmasını yüksək dəyərləndirən Y.Topçu bildirib ki, Türkiyə ali təhsil müəssisələri ilə UNEC-in əməkdaşlığı yeni inkişaf trendi yaradacaq. O, bu istiqamətdə Türkiyə dövləti tərəfindən hər zaman diqqət və qayğının göstəriləcəyini də vurğulayıb.
Sonda Y.Topçu tələbələrin suallarını cavablandırıb.