CƏMİYYƏT


Yanğın nəticəsində məcburi köçkünlərə dəymiş ziyanın aradan qaldırılması üçün tapşırıqlar verilib

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, noyabrın 29-da gecə saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisindəki Elşən Süleymanov küçəsində 21 məcburi köçkün ailəsinin məskunlaşdığı, tikintisi yarımçıq qalmış binada yanğın olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində Füzuli rayonunun Mirzənağılı kənd sakinləri Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı Babaşova Cəvahir Əlövsət qızı, övladları Fərhad və Elşad həlak olub. Həmçinin digər iki məcburi köçkün ailəsinin mənzilinə ziyan dəyib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanğının baş verdiyi əraziyə gəlib, hadisənin fəsadlarının dərhal aradan qaldırılması üçün konkret tapşırıqlar verib.

Ərazidə olan məcburi köçkünlərin müraciətlərini cavablandıran Əli Həsənov bildirib ki, yanğın nəticəsində ailələrə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Məcburi köçkünlərin məskunlaşdığı həmin ərazi özəl şirkətlərin biri tərəfindən alınıb. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sabunçu rayonu ərazisində həyata keçirilmiş pilot layihənin bu ərazidə də tətbiq edilməsi məsələsinə baxılacaq. Şirkətə orada yaşayan məcburi köçkün ailələrinin müvəqqəti olaraq kirayə mənzillərə köçürülməsi, çoxmənzilli yaşayış binası tikildikdən sonra onlara yeni binada mənzillər verilməsi təklif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.